BAYDEMIRLI HOLDING

BAYDAMİRLİ HOLDİNG-in İdarə heyyətinin adından M Ü R A C İ Ə T:

Hörmətli dostlar və tərəfdaşlar! Müasir dünyada biznes üçün ən vacib olanı təbii ki, dürüstlükdür, qarşılıqlı fayda verməkdir, ailəsinə, ölkəsinə və tərəfdaşlarına sadiq qalmaqdır. Mənim biznes fəaliyyətinə başlamağım uzaq 1987-ci ilə gedib çıxır. O zaman SSRİ-də kiçik sahibkarlıq deyilən, kooperativ hərakatına yeni icazə verilirdi. Şəxsi mülkiyyəti qəbul etməyən kommunist rejimi kapitalizmə açıq-aşkar uduzmaqda idi və Qorbaçov administrasiyasının yeganə çıxış yolu, əhalinin artan tələbatını ödəmək üçün rəqabət mühitini yaratmaq idi. O zamanlar mən Universitetin 3-ci kurs tələbəsi olaraq “Drujba” adlı kooperativ təsis etdim və dəmir məftillərdən setka-rabitsa deyilən məhsul istehsal etmək üçün fəaliyyətə başlamışdım. Rəqabətin necə iqtisadi inkişafa təkan verdiyini sosializmdə anlamaq, dərk etmək nə qədər çətin olsa da, kooperativ hərakatı ilə sahibkarlıq fəaliyyətinə başlayanlar bilirlər ki, bu 10 illər ərzində kapitalistləri düşmən cildində təqdim edən ölkədə necə də çətin idi. Nə qədər kommunizm ideologiyası bazar iqtisadiyyatı olan, rəqabət təşəkkül etmiş ölkələrə qarşı təbliğat aparmış olsa da, “dəmir hasar” qalxdığından, xəbərlər, tv reportajları intensivləşdiyindən, imperialist ölkələrin mağaza, marketlərində olan istehlak mallarının bolluğu və çeşidliyi sovet adamını həsrətlə baxmağa və ölkəsi ilə müqayisə etməyə imkanlar açmış oldu. Beləliklə SSRİ-nin son dönəmlərində kommunist liderlər planlı iqtisadiyyatın bazar iqtisadiyyatına uduzacağını anladılar və Qərb dünyası ilə “soyuq müharibəyə” son qoymağa qərar verdilər...beləliklə ölkədə mülkiyyət növlərinin differensiyalaşmasına start verildi. Özəlləşməyə açılan fabrik, zavodlar, yeni qurulan iqtisadi əlaqələr məni universitet müəllimliyindən biznesə keçməyimi sürətləndirdi. 1992-ci ilin dekabrında SSRİ-nin rəsmi süqutundan sonra Rusiya Federasiyasının Lipetsk şəhərində əvvəlcə “Kapital X” MMC, sonra “İmperial LTD” SC-ni təsis etməklə ən böyük metallurgiya kombinatı olan Novolipetsk metal kombinatı ilə tərəfdaş olduq və beynəlxalq ticarətə başladım. Rusiya Federasiyasından doğma vətənim Azərbaycana köçənə qədər, yəni 1999-cu ilə qədər NLMK-ın istehsal etdiyi məhsulları İran, Türkiyə, Azərbaycan və digər ölkələrdən olan biznes partnyorlarımıza satmağa davam etdik. Təbii ki, Azərbaycanda öz dəmir istehsal sahəmizi qurana qədər, yəni 2003-cü ilə qədər NLMK və digər istehsalçılarla əlaqəmiz davam etdi. 2003-cü ildən 2013-cü ilə qədər Bakıda fəaliyyət göstərən “Atahan Dəmir Sənaye” MMC-nin həmtəsisçisi olaraq bu sahədəki təcrübəmizi daha da genişləndirdik. Arada 2005-2010-cu illərdə Millət Vəkili olaraq parlamentdə təmsil olunduğum müddətdə sahibkarlığın problemləri ilə bağlı çoxsaylı təkliflərim Azərbaycan qanunvericiliyində öz əksini tapdı. Əsas olaraq ölkələr arası iqtisadimünasibətlərin genişləndirilməsi, Avropa Birliyinin Şərq tərəfdaşlıq layihəsində ekspert-məruzəçi kimi 2008-2016cı illər ərzində Polşada keçirilən İqtisadi Forumlarda, İstanbul Maliyyə Sammitində, Sankt-Peterburq İqtisadi Forumunda və digər Beynəlxalq konfranslarda iqtisadçı-alim kimi də fəaliyyətimi davam etdirdim. 2019-cu ilə qədər təsisçisi olduğum, yaratdığım müəssisələrin fəaliyyətinin davamı olaraq “BAYDAMİRLİ HOLDİNG” təsis edilmişdir, eyni ilə 2020-ci ilin sonunda “BƏYDƏMİRLİ XEYRİYYƏ FONDU” fəaliyyətə başlamışdır. İnternet saytımızda şirkətimizin fəaliyyəti ilə yaxından tanış olmaqla, həm də bizim keçdiyimiz yola nəzər salmağınız vacibdir. Ona görə sizə qısaca biznes və ictimai-siyasi fəaliyyətimdən epizodları sadalamaqla özüm haqqında təsəvvür yaratmağa çalışdım. Ümid edirəm ki, Azərbaycanda, İranda fəaliyyət göstərən ofislərimiz, əməkdaşlarımız həmçinin Rusiyada, Gürcüstanda, Polşada, Ukraynada, Türkiyədə və ümumiyyətlə keçmiş sovetlər birliyində və Avropa ölkələrində, Amerikada 10 illərlə bizimlə əməkdaşlıq edən şirkətlər və dostlar sizin bütün istək və arzularınıza köməklik göstərəcəklər. Bizim şüarımız: Dürüstlük, qarşılıqlı fayda vermək, ədalətli davranma və xeyriyyəçilikdir! İnanıram ki, bizim şirkətlərlə və əməkdaşlarımızla təmasdan məmnun qalmaqla yanaşı həm də faydalanacaqsınız. Hörmətlə, Nazim Bəydəmirli ,iqtisadçı-alim, 3-cü çağırış Milli Məclisin deputatı